CƏMİYYƏT
“Jurnalistlərin münaqişələrdə və risklərdə davranma təlimləri”nin təşkili layihəsi çərçivəsində növbəti görüş keçirilib
Bakı, 22 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Dinc Dünya” Araşdırmalar Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə “N” saylı hərbi korpusda “Jurnalistlərin münaqişələrdə və risklərdə davranma təlimləri”nin təşkili layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə “N” saylı korpusun komandiri, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov, agentliyin əməkdaşı Natiq Lahıcov, “Dinc Dünya” Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Əlisafa Mehdiyev, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, filologiya elmlər doktoru, professor Allahverdi Məmmədli, “Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru Zaur Babayev və “N” saylı korpusun zabit heyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Dinc Dünya” Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Əlisafa Mehdiyev layihənin məqsəd və vəzifələri, həyata keçirilməsi üçün görülən tədbirlər haqqında məlumat verib. Eyni zamanda, layihənin icrası üçün yaradılan şəraitə görə “N” saylı korpusun rəhbərliyinə təşəkkürünü bildirib.
Sonra layihənin əhəmiyyəti haqqında danışan tədbir iştirakçıları bunun münaqişələrdə və risklərdə jurnalistika fəaliyyətinin təşkilinə böyük töhfə verəcəyini bildiriblər.
Tədbirin sonunda “Dinc Dünya” Araşdırmalar Mərkəzi İctimai Birliyi tərəfindən layihənin həyata keçirilməsinə yaxından kömək edən “N” saylı hərbi korpusun bir qrup zabiti “Alqış Bilgisi” fəxri fərmanı ilə təltif ediliblər.