DÜNYA
Kaliforniya qubernatoru xəz əldə etmək məqsədilə ovun qadağan olunması barədə qanun imzalayıb
Vaşinqton, 9 sentyabr, AZƏRTAC
Kaliforniya qubernatoru Gevin Nyusom vəhşi təbiətin qorunması barədə qanun imzalayıb. Bu qanuna əsasən həm dövlət torpaqlarında, həm də xüsusi torpaqlarda kommersiya və ya rekreasiya məqsədilə ov qadağan edilir.
Qanun layihəsinin müəllifi, Kaliforniya Qanunvericilik Assambleyasının üzvü Lorena Qonsales bildirib ki, heyvanların xəz xatirinə ovlanmasına son qoymaq vaxtı yetişib.
Kommersiya məqsədilə ov əvvəllər Kaliforniya iqtisadiyyatının mühüm tərkib hissəsi olub. Hələ 1848-ci ildə Kaliforniyada qızıl ehtirasları tüğyan edənə qədər Sanfransisko körfəzi beynəlxalq ticarət üçün açıq elan edilib. Lakin ötən onilliklər ərzində bu ovun dəyəri azalıb.
İndi qanunvericilər bütün xəz məmulatlarının, o cümlədən xəz kürklərin satışını, habelə əhliləşdirilmiş atlar, itlər və pişiklər istisna olmaqla ştatın istənilən sirkində heyvanlardan istifadə edilməsinin qadağan olunması barədə təklifləri də nəzərdən keçirirlər.
Kaliforniya Vəhşi Təbiət Departamentinin məlumatına görə, 2017-ci ildə 68 ovçu bu ştatda 1568 heyvanın ovlanmasını bildirib. Qeydiyyata alınmış 10 növ arasında yalquzaq, boz tülkü, qunduz, porsuq və su samuru da var.
Beləliklə, Kaliforniya xəz xatirinə ovun qadağan edilməsi və vəhşi təbiətin qorunması barədə qanun qəbul etmiş ilk ştat olub.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton