SİYASƏT
Kamran Bayramov: Həyata keçirilən bərpa-quruculuq işləri Qarabağa yeni və müasir görkəm verir
Bakı, 22 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən tarixi torpaqlarımızın erməni işğalından azad olunması həmin ərazilərin dirçəlişinin təmin edilməsini, yurd-yuvalarından didərgin salınmış soydaşlarımızın doğma torpaqlara qayıdışı məqsədilə müvafiq bərpa, quruculuq və yenidənqurma işlərinin sürətlə aparılmasını, bunun üçün mövcud olan resursların səfərbər olunmasını zəruri edib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov bildirib.
Deputat qeyd edib ki, Qələbə qazandıqdan sonra işğaldan azad olunmuş ərazilərdə planlaşdırma işləri görülüb. Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş ölkəmizin iqtisadi rayonlarının yeni bölgüsünə əsasən Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılıb. Həmin ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi üçün 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb, Qarabağ bölgəsində genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb.
Qısa müddət kəsiyində Azərbaycan Prezidentinin təşəbbüsü ilə Füzuli, Cəbrayıl, Xocavənd, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonlarında və Şuşa şəhərində infrastruktur layihələrinin reallaşmasına start verilib, yol-nəqliyyat infrastrukturu yaradılır, kommunikasiya xətləri çəkilir, təhsil, səhiyyə, turizm və sənaye müəssisələri tikilir, hava limanları inşa edilir, mədəni, tarixi və dini abidələr bərpa olunur. Həyata keçirilən bərpa-quruculuq işləri Qarabağa yeni və müasir görkəm verir, erməni vandalizminin izlərini silir, işğaldan azad olunmuş ərazilərə həyatın qayıtdığını göstərir.
K.Bayramovun sözlərinə görə, heç bir şübhə yoxdur ki, Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə görülən işlər, bu ərazilərdə onun həyata keçirtdiyi regional siyasət Qarabağımızı milli və beynəlxalq mədəniyyət və turizm mərkəzinə, təhlükəsiz yaşayış məkanına, regionun və dünyanın ən gözəl guşələrinin birinə çevirəcək.