CƏMİYYƏT
Kamran Əliyev: İlin beş ayında 90 şəxs barəsində 73 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib
Bakı, 6 iyun, AZƏRTAC
Cari ilin beş ayı ərzində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 90 şəxs barəsində 73 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iyunun 6-da jurnalistlərə müsahibəsində deyib.
Baş İdarə rəisi bildirib ki, hazırda qurumun icraatında 112 cinayət işinin istintaqı aparılır. Yaxın vaxtlarda həmin cinayət işləri tamamlanaraq məhkəmələrə göndəriləcək. Bundan başqa, bir sıra məlumatlar, materiallar və müxtəlif nəzarətedici maliyyə qurumları tərəfindən aparılmış yoxlamaların nəticələri də araşdırılaraq hüquqi qiymət verilməsi üçün Baş İdarəyə göndərilib. Hazırda bu məsələlərlə bağlı ilkin araşdırmalar aparılır və onların nəticələrindən asılı olaraq, cinayət işlərinin başlanılıb- başlanılmaması məsələsi həllini tapacaq.