SİYASƏT
Kanada parlamentinin nümayəndə heyəti Azərbaycana səfərə gələcəkdir
Bakı, 1 aprel (AZƏRTAC). Aprelin 2-7-də Kanada parlamentinin hakim Mühafizəkarlar Partiyasının üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gələcəkdir.
Səfər Azərbaycanın Kanadadakı səfirliyinin, Yeni Azərbaycan Partiyasının və Milli Məclisin birgə təşkilatçılığı ilə baş tutacaqdır.
Kanada parlamenti İcmalar Palatası sədrinin müavini, Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Barri Devolinin rəhbərlik edəcəyi nümayəndə heyətinə palatanın üzvü Vladislav Lizon, senatorlar Yona Martin və Salma Atullahcan daxil olacaqlar.
Azərbaycanın Kanadadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfər çərçivəsində nümayəndə heyəti Milli Məclisdə, Yeni Azərbaycan Partiyasının inzibati binasında və bir sıra dövlət qurumlarında görüşlər keçirəcəkdir.
Səfərin məqsədi Azərbaycan-Kanada münasibətlərinin, xüsusilə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, hakim Yeni Azərbaycan Partiyası ilə əlaqələrin möhkəmləndirilməsinə dair müzakirələrin aparılması, eləcə də ölkəmizdə və regiondakı mövcud vəziyyətlə tanışlıqdır.
Xatırladaq ki, Kanada parlamentində Azərbaycanla dostluq qrupu 2006-cı ildən fəaliyyət göstərir. B.Devolin 2011-ci ilin noyabrında bu qrupun sədri seçilmişdir.