DÜNYA
Kanzaslı qadın İŞİD ilə əlaqə saxlamaqda təqsirkar olduğunu etiraf edib
Vaşinqton, 8 iyun, AZƏRTAC
Şimali Virciniyanın federal prokurorluğu elan edib ki, İŞİD batalyonuna rəhbərlik etməkdə təqsirləndirilən Ellison Flüke-Ekren ad-soyadlı kanzaslı qadın təqsirkar olduğunu etiraf edib.
AZƏRTAC xəbər verir ki, 42 yaşlı Ellison Flüke-Ekren 2014-2017-ci illərdə Birləşmiş Ştatlarda İŞİD-i dəstəkləmək məqsədilə altı dəfə terror aktları törədilməsində maraqlı olduğunu bəyan edib.
Məhkəmə sənədlərinə görə, Ümm Məhəmməd əl-Amrika adından da istifadə edən Flüke-Ekren 2012-ci ildə Suriyaya köçüb və orada İŞİD-in “məşhur” liderlərindən birinə ərə gedib. Bildirilir ki, bu qadın dörd dil bilir və qadınlardan ibarət batalyona komandirlik edir. Flüke-Ekren xarici terror təşkilatına maddi dəstək məqsədilə cinayət birliyi qurmaqda özünü təqsirkar hesab edib.
Məhkəmə sənədlərində deyilir: “Flüke-Ekrenin İŞİD ilə ehtimal edilən əlaqələrinə Birləşmiş Ştatlarda kollec kampusuna hücum məqsədilə operativ işçilər cəlb edilməsi, İŞİD-in Suriyada yerləşən hərbi batalyonunun lideri və təşkilatçısı kimi fəaliyyət göstərməsi daxildir. “Xatiba Nusayba” adlı bu batalyon qadınlara “Kalaşnikov (AK-47)” avtomatları ilə, qumbara və intiharçı kəmərləri ilə davranış qaydalarını öyrətmək üçün yaradılıb”.
Flüke-Ekreni 20 ilədək həbs cəzası gözləyir. Hökm oktyabr ayında çıxacaq.
AZƏRTAC-ın Vaşinqton bürosu