İQTİSADİYYAT
“Kapital Bank”ın dəstəyi ilə keçirilən olimpiadanın qalibləri mükafatlandırılıb
Bakı, 26 may, AZƏRTAC
Xəbər verdiyimiz kimi, "Kapital Bank" sosialyönümlü fəaliyyətinə uyğun olaraq Təhsil Nazirliyinin təşkil etdiyi respublika fənn olimpiadalarının keçirilməsinə dəstək göstərib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, fizika, kimya, riyaziyyat, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə 30 minədək şagird tədbirdə iştirak edib.
Nizami Kino Mərkəzində olimpiada qaliblərinin təltifetmə mərasimində təhsil naziri Mikayıl Cabbarov, dövlət rəsmiləri, Milli Məclisin deputatları, ictimai xadimlər və digər qonaqlar iştirak edib.
Olimpiadada hər fənn üzrə olan qaliblər müvafiq olaraq qızıl, gümüş, bürünc medal, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
Sonda ölkənin güclü şagirdləri "Birincilərin birincisi" nominasiyasında təltif edilib.
Qeyd edək ki, təhsil layihələrinə dəstək verən "Kapital Bank" ötən il Təhsil Nazirliyi ilə birgə bir neçə layihə həyata keçirib. Yaxın gələcəkdə təhsillə bağlı yeni birgə layihələrin keçirilməsi planlaşdırılır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.