DÜNYA
Karbon nanoborucuqlar hüceyrələrin böyüməsini sürətləndirir
Bakı, 13 aprel (AZƏRTAC). Litl-Rok şəhərindəki (ABŞ) Arkanzas Universitetinin alimləri aşkar etmişlər ki, karbon nanoborucuqlarının köməyi ilə bitki hüceyrələrinin böyümə sürətini iki dəfə sürətləndirmək olar. Bu üsul dərman istehsalından tutmuş yemək üçün şirinləşdirici maddələrin istehsalınadək hər yerdə tətbiq edilən proseslərin səmərəliliyini xeyli artıra bilər.
Tədqiqatın aparıcı müəllifi Mariya Xodakovskaya demişdir ki, çoxqatlı karbon nanoborucuqlar (MWCNT) bitki toxumalarının qalın divarları arasından süzülüb onların cücərməsini və sonradan böyüməsini tənzimləyir.
MWCNT lifləri o qədər kiçikdir ki, minlərlə belə lif bu cümlənin sonunda qoyulan nöqtənin tutduğu sahədə yerləşə bilər. Xalis karbondan ibarət olan bambalaca liflər kənd təsərrüfatının səmərəliliyini əsaslı şəkildə artıra, yaxın gələcəkdə ərzaq qıtlığı ilə bağlı bir çox problemləri aradan qaldıra və yeni bitki sortlarının yetişdirilməsinə kömək edə bilər.
Alimlər eksperimentlər zamanı tütünün bitki hüceyrələrindən çıxarılmış bitkilərin böyüməsini sürətləndirmişlər. Məlum olmuşdur ki, MWCNT hüceyrələrin böyüməsi prosesinə cəlb olunmuş genlərin fəallığını artırır. MWCNT, həmçinin hüceyrələrə su çatdıran kanalları fəallaşdırır, hüceyrələrin parçalanıb daha sürətlə böyüməsinə kömək edir.
İri sənaye bioreaktorlarında yetişdirilmiş bir çox bitki növlərinin bitki hüceyrələri tibb və kommersiya məhsulları istehsalında, habelə kənd təsərrüfatında geniş istifadə olunur. Elə barəsində danışılan tütünün bitki hüceyrələrini perspektivli vaksinlərin kütləvi istehsalında tətbiq etmək olar, çünki vaksin nə qədər tez böyüsə, epidemiyanın qarşısı bir o qədər sürətlə alınar.