İQTİSADİYYAT
Keçən il qlobal neft-qaz kəşfləri son 4 ilin maksimumuna çatıb
Bakı, 10 yanvar, AZƏRTAC
2019-cu ildə qlobal neft və təbii qaz kəşfləri son 4 ilin maksimum səviyyəsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə mərkəzi ofisi Osloda yerləşən “Rystad Energy” enerji şirkəti məlumat yayıb. Bildirilir ki, ötən il ümumilikdə 12,2 milyard barrel neft ekvivalenti olan qlobal neft-qaz kəşfləri 2015-ci ildən bu vaxtadək ən yüksək göstəricidir.
Qeyd olunur ki, ABŞ-ın “ExxonMobil” şirkəti Qayana davam edən sərmayələri ilə daha 4 yeni kəşfə nail olub. Hesablamalara görə, Qayanadakı kəşflər ümumilikdə 1,8 milyard barrel neft ekvivalenti həcmindədir.
ABŞ-ın “Hess” şirkəti və Çinin “CNOOC” dövlət şirkəti Qayanada “ExxonMobil”lə birgə yeni kəşflərə imza atmaqla 2019-cu ilin ən yaxşı tədqiqatçıları siyahısında ikinci və üçüncü yerləri tutub. “Hess” keçənilki yeni kəşflərindən təxminən 2 milyard dollar, “CNOOC” isə təqribən 1,8 milyard dollar dəyər yaradıb.
Fransanın enerji nəhəngi “Total” şirkəti ötən il kəşfiyyat fəaliyyətindən təxminən 873 milyon dollar dəyər yaratmaqla 4-cü sırada qərarlaşıb.
BP şirkəti isə keçən il ən böyük tək kəşfinə nail olub. Siyahıdakı ilk 4 şirkət 2019-cu ildə neft və kəşflərdən ən yüksək dəyərləri formalaşdırıb. Lakin BP-nin Mavritaniya sahillərindəki “Orca” qaz yatağı ötən ilin həm ən böyük tək kəşfi, həm də ən dərin dəniz kəşfi olub. Hesablamalara görə, yataqda təxminən 1,3 milyard neft ekvivalenti qaz ehtiyatı var.
Bildirilir ki, Rusiyanın “Gazprom” şirkəti isə keçən il Qara dənizdə 2 kəşfə nail olub.