REGİONLAR
KƏND TƏSƏRRÜFATI MƏHSULLARI İSTEHSALI ARTMIŞDIR
Bakı, 3 yanvar (AZƏRTAC). Ötən ilin on bir ayında ölkədə diri çəkidə 277,5 min ton ət, 1 milyon 268,8 min ton süd, 906,1 milyon yumurta, 14,3 min ton yun istehsal olunmuşdur. 2007-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,4 faiz, süd istehsalı 2,7 faiz, yumurta istehsalı 12,9 faiz, yun istehsalı 3,4 faiz, bütövlükdə heyvandarlıq məhsulları istehsalı 3,9 faiz artmışdır.
Dövlət Statistika Komitəsindən bildirmişlər ki, hesabat dövründə qarğıdalı ilə birlikdə 2 milyon 497,9 min ton taxıl, 1 milyon 76,9 min ton kartof, 1 milyon 203 min ton tərəvəz, 698,1 min ton meyvə və giləmeyvə, 407,6 min ton bostan məhsulları, 108,9 min ton üzüm, 2,5 min ton tütün istehsal olunmuşdur.
Pambıq, tütün, bostan məhsulları və yaşıl çay yarpağı istehsalının azalmasına baxmayaraq, ümumilikdə bitkiçilik məhsulları istehsalı 7,5 faiz artmış, taxıl məhsulları istehsalında yüksək göstəriciyə nail olunmuşdur.