ELM VƏ TƏHSİL
“Kiçik tədqiqatçılar” müsabiqəsinin məktəbdaxili mərhələsi başa çatıb
Bakı, 4 dekabr, AZƏRTAC
Ümumtəhsil müəssisələrinin ibtidai sinif şagirdləri arasında keçirilən “Kiçik tədqiqatçılar” müsabiqəsinin məktəbdaxili mərhələsi başa çatıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, II-IV sinif şagirdlərinin iştirakı ilə təşkil olunan müsabiqənin məktəbdaxili mərhələsində komandalar onlara təqdim olunmuş mövzulardan birini seçməklə tədqiqat işi aparıb. Müsabiqənin I mərhələsinin nəticələrinə əsasən hər məktəbdən bir qalib komanda rayon mərhələsində (II mərhələdə) iştirak etmək hüququ qazanıb. İkinci mərhələnin nəticələrinə əsasən seçilmiş komandaların tədqiqat işləri müsabiqənin şəhər mərhələsində dinləniləcək. Şəhər mərhələsinin yekunlarına uyğun olaraq 6 komanda qalib elan olunacaq.
Qalib komandalar BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq. Həmçinin bütün iştirakçı komandalara BŞTİ tərəfindən sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, müsabiqənin əsas məqsədi ibtidai sinif şagirdlərində tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə “Kiçik Akademiya”larda, elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təmsil olunmasını təmin etməkdir. Həmçinin tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə layihələrdə iştirak etmək vərdişlərinin formalaşdırılmasına əlverişli şərait yaratmaqdan ibarətdir.