DÜNYA
Kilsəyə gedən almanların sayı azalır
Berlin, 16 avqust (AZƏRTAC). Almanların əksəriyyəti xristian ənənələrini əziz tutsa da, Almaniyada öz kilsə kanonlarına əməl edən dindarların sayı azalır. 2011-ci ildə Milad bayramı ərəfəsində Almaniyada keçirilmiş reprezentativ sorğunun nəticələri təsdiq edir ki, rəyi soruşulanların 63 faizi Allaha inandığını bildirmişdir. Almanların 59 faizi inanır ki, İsa peyğəmbər Allahın oğludur. Bundan sonra qarmaqarışıqlıq başlanır: cəmi 48 faiz Axirətə, 29 faiz Cəhənnəm əzabına inanır. Kilsəyə gedənlərin sayı baxımından daha kədərli mənzərə yaranmışdır: alman protestantların 3,6 faizi, katoliklərin 13 faizi müntəzəm surətdə kilsəyə gedir.
2008-ci ildə Bertelsman adına Fond (Bertelsmann Stiftung) 21 ölkədə bir növ dindarlıq üzrə monitorinq keçirmişdir. Reprezentativ sosioloji rəy sorğusunun məqsədi xalqların həyatında dinin rolunu aydınlaşdırmaqdan ibarət olmuşdur. Almaniya üzrə rəqəmlər heyrət doğurur. AFR əhalisinin on səkkiz faizi özünü qatı dindar, 52 faizi sadəcə mömün hesab edir, 28 faizi isə özlərini aqnostik, yaxud ateist adlandırır.
Almaniyada kilsə dövlətdən ayrılmışdır. Düzdür, istisna vardır: vergi idarəsi kilsəyə gələnlərdən kilsə vergisi də tutur. Amma bundan imtina etmək asandır: səbəbini göstərmədən kilsə icmasından çıxmaq barədə ərizə vermək kifayətdir. Lakin kilsələr siyasətə qarışır. Yox, onlar seçkilərdə hansı namizədi müdafiə etmək barədə göstəriş vermirlər. Onların təsir dairəsi sosial məsələlərdir.