ELM VƏ TƏHSİL
KİMYAÇI ALİMİN ŞƏXSİ KİTAB KOLLEKSİYASI AMEA–NIN MƏRKƏZİ ELMİ KİTABXANASINA HƏDİYYƏ EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) kimya elmləri doktoru Şıxbala Əliyevin ailəsi tərəfindən hədiyyə edilmiş şəxsi kitab kolleksiyasının təqdimatı olmuşdur.
Hədiyyə olunmuş 100-dən artıq kitabda qeyri-üzvi kimya, üzvi və neft-kimya elmi sahəsində tanınmış alimlərin qiymətli əsərləri vardır.
MEK-in direktoru Aybəniz Əliyeva-Kəngərli çıxış edərək, Mərkəzi Elmi Kitabxananın 80 illik fəaliyyətindən, onun elmimizin inkişafında və milli elmi kadrlarımızın yetişdirilməsindəki rolundan, hədiyyə edilən kitabların elmi əhəmiyyətindən danışmışdır.
AMEA-nın Neft və Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri, kimya elmləri doktoru Arif Həsənov, Azərbaycan Texniki Universitetinin kafedra müdiri, professor Sabir Cümşüdov və başqaları çıxış edərək bildirmişlər ki, cəmi 50 il ömür sürmüş professor Ş.Əliyev respublikanın üzvi kimya sahəsində görkəmli alimlərindən biri olmuş, AMEA-nın Neft və Kimya Prosesləri İnstitutunda, eləcə də digər elmi-tədqiqat müəssisələrində neft-kimya sintezi sahəsinə dair bir sıra maraqlı tədqiqat işləri aparmışdır.
Alimin oğlu Azad Əliyev atasının şəxsi kitab kolleksiyasını AMEA-nın Mərkəzi Elmi Kitabxanasına təqdim etmək şərəfinə nail olduğu üçün özünü xoşbəxt sandığını və bu kitabların Azərbaycan elminə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirmişdir. O, tədbirin təşkilatçılarına və iştirakçılarına ailəsi adından minnətdarlıq etmişdir.