SİYASƏT
KİŞİNYOVDA MDB ÖLKƏLƏRİNİN DÖVLƏT İNFORMASİYA AGENTLİKLƏRİNİN RƏHBƏRLƏRİ ŞURASININ VIII İCLASI KEÇİRİLƏCƏKDİR
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Birlik iştirakçısı olan ölkələrin dövlət informasiya agentliklərinin Rəhbərləri Şurasının növbəti, VIII iclası noyabrın 11-12-də Kişinyovda keçiriləcəkdir. İclasda AZƏRTAC-ın nümayəndəsi də iştirak edəcəkdir.
İclasda MDB İnformasiya Şurasının iştirakçısı olan ölkələrin dövlət informasiya agentlikləri arasında informasiya mübadiləsinin genişləndirilməsinə yönəlmiş tədbirlərin, eləcə də informasiya agentliklərinin məhsullarına müəlliflik hüququ problemlərinə dair ümumi mövqe hazırlanması məsələlərinin nəzərdən keçirilməsi planlaşdırılır.
MDB-nin gələcək inkişafı konsepsiyasının reallaşdırılmasına dair tədbirlərin və 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 65-ci ildönümünün bayram edilməsinə hazırlıq tədbirləri planının informasiya dəstəyi məsələləri iclasın gündəliyinin layihəsində ayrıca blok kimi nəzərdə tutulur.
“MDB-nin iştirakçısı olan dövlətlərin Milli İnformasiya Agentlikləri Assosiasiyasının informasiya (mətn) xidməti (MİAA xidməti)” adlı müştərək informasiya məhsulunun gələcək inkişafı məsələsini də müzakirə etmək nəzərdə tutulur.
İclas çərçivəsində Moldova Tarix Muzeyində “Mənim ölkəm” mövzusunda fotosərgi açılacaq, İTAR-TASS və MOLDPRES agentliklərinin rəhbərləri eyni adlı sərgi albomunu təqdim edəcəklər.