KOLUMBUN MƏZARI HARADADIR?
Uzun illər Sevilya kilsəsindəki insan qalıqları üzərində tədqiqat aparan tanınmış mütəxəssis demişdir: “Kolumbun məzarının Santo-Dominqoda (Dominikan Respublikası) deyil, Sevilya kilsəsində olması şübhə doğurmur”.
İspaniya alimi kilsədəki məzarlarda olan insan qalıqlarının DNT-si ilə Kolumbun qohumlarının – qardaşının və oğlunun qalıqlarının DNT-sini müqayisə etmişdir. Beləliklə, Kolumbun İspaniyada dəfn edilməsi, sonra onun cənazəsinin Santo-Dominqoya, oradan Kubaya aparılması və nəhayət, yenidən İspaniyaya qaytarılması fərziyyəsi təsdiq edilmişdir.
Kolumb haqqında silsilə kitabların müəllifi, tarix elmləri doktoru Sesar Vidal isə bu fikirlə razı deyildir. O demişdir: “Kolumb 1506-cı ildə Valyadolidə (İspaniya) yoxsulluq içində vəfat etmişdir. Onun Latın Amerikasında yenidən dəfn edilməsi fərziyyəsi yalnız əfsanədir. Hər halda, bunu təsdiq edən diqqətəlayiq fakt yoxdur”.
Dominikan Respublikasının hökuməti isə İspaniya alimlərinə Kolumbun Santo-Dominqodakı məzarını öyrənməyə hələ də icazə vermir. S.Vidalın fikrincə, onlar dəniz səyyahının məhz burada dəfn edilməsi barədə əfsanənin puça çıxacağından qorxurlar.
İspaniya tədqiqatçısı xatırlatmışdır ki, Kolumbun təkcə məzarı deyil, mənşəyi barədə də məlumatlar dəqiq sayılmır. “Kolumb deyirdi ki, Genuyada doğulmuşdur, lakin bunu sübuta yetirən dəlillər tapılmamışdır. Bu fərziyyənin doğru olduğunda əvəllər Mussolini hamıdan çox təkid edirdi. O, məşhur dəniz səyyahının məhz italyan mənşəli olmasını çox istəyirdi”, - deyən Vidal bildirmişdir ki, Kolumbun Balear adalarında (İspaniya) doğulması fərziyyəsi daha ağlabatandır.
Kolumbun xaç suyuna salınmış yəhudi olduğunu təsdiqləyən çoxlu məlumat var. Onun və qohumlarının adları o zaman xristianlığı qəbul etmiş yəhudilər arasında çox yayılmışdı. Alim əlavə etmişdir ki, Kolumbun öz mənşəyini gizlətməsi də buradan irəli gəlir. Həmin dövrdə təqib edilən yəhudilər İspaniyadan 1492-ci ildə, Amerikanın kəşf olunduğu vaxt qovulmuşdular.