Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Konstitusiya Məhkəməsi Palatasının iclasları olmuşdur

Bakı, 18 may (AZƏRTAC). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasları keçirilmişdir.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI, VII hissələrinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına, Mülki Məcəllənin 152-ci, 1166-cı və 1176-cı maddələrinə uyğunluğunun yoxlanılması ilə bağlı sorğusuna; Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair; Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.2-ci və 26.1-ci maddələrinin şərh edilməsinə dair müraciətlərinə baxılaraq Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi haqqında qərardadlar çıxarılmışdır.

Konstitusiya Məhkəməsi Plenumunun iyunun 8-nə təyin edilmiş iclasında Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin müraciətinə, iyunun 10-da İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna, iyunun 16-da isə Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin