Nobel mükafatı laureatı Əziz Səncər: Azərbaycan mədəniyyəti ilə böyümüşəm MÜSAHİBƏ VİDEO
Vaşinqton, 9 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüş dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.
– Əvvəlcə doğum gününüz münasibətilə sizi təbrik edirəm. Azərbaycan Prezidenti İlham Əliyev sizi “Şöhrət” ordeni ilə təltif edib. Bu mükafatla bağlı təəssüratlarınız öyrənmək istərdim.
– Mən bunu gözləmirdim. Çox gözəl xəbərdir və bildiyimə görə, Azərbaycanın ən yüksək dövlət mükafatlarından biridir. Bu baxımdan çox məmnun oldum. Mən Prezident İlham Əliyevi hər zaman çox təqdir edirəm və sevirəm. Ona görə də belə bir mükafatın Prezident tərəfindən verilməsi məni çox sevindirdi.
– Siz Azərbaycanda bir neçə dəfə olmusunuz. Ümumiyyətlə, Azərbaycan sizin üçün nə deməkdir?
– Mən uşaqlıq illərimdən Azərbaycanı işğal edilmiş türk yurdu kimi tanıyırdım. Türkiyə musiqisindən daha çox Azərbaycan musiqisini dinləyirdim. Bu baxımdan, Azərbaycan mədəniyyəti ilə böyümüşəm. Azərbaycan mənim üçün Türkiyə qədər önəmli idi. Eyni zamanda, Azərbaycanın sovet hakimiyyətinin tərkibində olmasının məndə doğurduğu bir ağrı vardı. Ona görə də Azərbaycanın qəlbimdə xüsusi yeri olub və var. Azərbaycan müstəqilliyini bərpa etdikdə isə bu, mənim üçün çox böyük sevinc mənbəyinə çevrildi.
– Bir neçə müsahibənizdə özünüzü azərbaycanlı hesab etdiyinizi söyləmisiniz...
– Dediyim kimi, mən Azərbaycan musiqisi ilə böyümüşəm. Zeynəb Xanlarovanın mahnıları ilə böyümüşəm. Bizim adət-ənənələrimiz çox yaxındır. Lakin bütün bunlardan əlavə, mən Azərbaycana işğal edilmiş türk yurdu kimi baxırdım. Bu, qəlbimizdə bir nisgil idi. Azərbaycanın müstəqilliyini bərpa etməsini gözləyir və bunu çox istəyirdik. Nəhayət, bu arzumuz gerçəkləşdi.
– Ancaq 1990-cı illərin əvvəllərində Qarabağın işğalı ilə bağlı daha bir nisgil yarandı. Qarabağın işğaldan azad edilməsi sizdə hansı hissləri doğurdu?

– Azərbaycana ilk səfərim zamanı, səhv etmirəmsə, təhsil naziri ilə söhbət edirdim. O dedi ki, ölkəmizin ərazisinin 20 faizi düşmən işğalı altındadır və biz torpaqlarımızı işğaldan necə azad edəcəyimizi düşünürük.
Mən Qarabağın necə işğal edildiyini həmin vaxt daha ətraflı öyrəndim və hadisələri yaxından izləməyə başladım. Qarabağ müharibəsi başlayanda isə bütün vaxtımı döyüşlərin necə getdiyini qəzetlərdən və internetdən izləməyə sərf edirdim.
Bu, bizim üçün böyük zəfər idi. Türkiyə 1922-ci ildə yunanları, ingilisləri və fransızları Anadoludan çıxararaq tam müstəqilliyini qazandı. Yüz il sonra Azərbaycan da ölkənin ortasındakı “xərçəng xəstəliyi”nə son qoydu. Bu, mənə böyük məmnunluq bəxş etdi, çox sevindim.
– Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə sıx əməkdaşlıq mövcuddur. Elmi və akademik sahədə iki ölkə arasında əməkdaşlığın inkişafını necə görürsünüz?
– Bu istiqamətdə kifayət qədər fəal iş aparılır. Türkiyə–Azərbaycan Universiteti açılıb. Çoxlu azərbaycanlı tələbə Türkiyədə təhsil alır. Mən Qarabağda keçirilən konfranslardan birində iştirak edərkən zalın yarısının Türkiyədən gələn tələbələrdən ibarət olduğunu gördüm. Yəni Türkiyədən Azərbaycana təhsil almağa gedənlər də var. Bu baxımdan, iki ölkə getdikcə daha çox inteqrasiya olunur.
– Sizin elmi fəaliyyət sahənizə gəldikdə, DNT üzrə apardığınız tədqiqatlar gələcəkdə xərçəng xəstəliklərinin müalicəsində nə dərəcədə rol oynaya bilər?
– Maraqlı sualdır. Azərbaycana səfərlərimdən birində bu sualı mənə vermişdilər. Dedim ki, bu tədqiqatların faydası olacaq, bəlkə də müalicəyə kömək edəcək. Ancaq bunun daha asan yolu da var: siqaret çəkməsəniz, xərçəngə tutulma hallarının 70 faizi aradan qalxar.
Həmin axşam bu sözlərimi xəbərlərdə göstərmişdilər. Ertəsi gün oteldə səhər yeməyi yeyərkən restoranda çalışan gənclərdən biri yanıma gəlib dedi: “Müəllim, dünən sizi televiziyada gördüm. Mən artıq siqaret çəkmirəm”.
Bu baxımdan, xəstəliyin qarşısını alan tədbirlər dərman hazırlamaq qədər əhəmiyyətlidir. Sağlam həyat tərzi sürmək, siqaret çəkməmək və həddindən artıq spirtli içki qəbul etməmək lazımdır. Spirtli içkilər qaraciyər xərçənginə, siqaret isə ağciyər və digər xərçəng növlərinə səbəb ola bilər.
Ümid edirəm ki, apardığımız tədqiqatlar, DNT-nin bərpası ilə bağlı işlər və iki-üç ildə beyin xərçənginə qarşı həyata keçirəcəyimiz tədqiqatlar bəşəriyyətə böyük fayda verəcək.