SİYASƏT
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN NÖVBƏTİ İCLASI OLMUŞDUR
Bakı, 27 may (AZƏRTAC). Mayın 25-də F.Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası olmuşdur.
İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektin qanuni nümayəndəsinin, ekspertin və mütəxəssislərin çıxışlarını dinləyib, işin materiallarını araşdıraraq qərar qəbul etmişdir.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axırı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.