İQTİSADİYYAT
Koreya Respublikası nəqliyyat sektoru üzrə Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlıdır
Bakı, 31 oktyabr (AZƏRTAC). Oktyabrın 31-də Nəqliyyat Nazirliyində ölkəmizdə səfərdə olan Koreya Respublikasının SK şirkətlər qrupunun sədri Çey Tae-vonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, koreyalı mütəxəssislərlə görüşən nazir Ziya Məmmədov son illər Azərbaycanın inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, böyük əhəmiyyətli islahatların həyata keçirilməsi, beynəlxalq inteqrasiyada əldə edilən irəliləyişlərdən danışmışdır. Nazir qeyd etmişdir ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə siyasi sabitlik qorunub saxlanılmış, Azərbaycan iqtisadi dirçəlişinə görə dünyada lider dövlətlərdən birinə çevrilmişdir. Bütün bunların iqtisadiyyatın bütün sahələrinin, o cümlədən yol-nəqliyyat kompleksinin inkişafına müsbət təsir göstərdiyini vurğulayan Z.Məmmədov bu sahədə Azərbaycan ilə Koreya Respublikası arasındakı əməkdaşlıqdan da bəhs etmişdir.
Qonaqpərvərliyə görə minnətdarlığını bildirən SK şirkətlər qrupunun sədri Çey Tae-von nəqliyyat sektorunun bütün sahələri üzrə Koreya-Azərbaycan əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını bildirmişdir.
Görüşdə cari ilin sonunadək Bakıda tətbiq ediləcək Nəqliyyatın İntellektual İdarə Edilməsi Sistemi, layihənin icrası və inkişafı istiqamətindəki perspektivlər müzakirə edilmişdir.