DÜNYA
Korsikada jandarm kazarması terror aktına məruz qalmışdır
Paris, 12 iyun (AZƏRTAC). Fransanın Ot-Korsika departamentinin Bastia şəhərindəki jandarm kazarması iyunun 11-dən 12-nə keçən gecə terror aktına məruz qalmışdır. Terror aktı zamanı kazarma binasına ciddi zərər dəymişdir. Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yaymışdır.
Bildirilmişdir ki, motosikletli iki naməlum şəxs kazarmanı 15 dəqiqə ərzində pulemyot atəşinə tutmuşdur. Kazarmanın fasadı və giriş qapısı güllə yağmurundan ciddi şəkildə zədələnmiş, pəncərələr qırılmışdır. Xəsarət alan olmamışdır.
Terrorçuların axtarışına başlayan polislər hadisə baş verən yerdən bir qədər aralıda onların istifadə etdikləri motosikleti yanmış vəziyyətdə tapmışlar. Cinayətkarların axtarışı davam edir.
Fransanın daxili işlər naziri terror aktına məruz qalan kazarmaya baş çəkmişdir.
Xatırladaq ki, 2013-cü il dekabrın 5-də də kazarma terror aktına məruz qalmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris