DÜNYA
Kosmosda Xəzərə bənzər dəniz və nəhəng çay tapılmışdır
Bakı, 14 dekabr (AZƏRTAC). ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) astronomları “Cassini” kosmik rəsədxana-zondu vasitəsilə apardıqları araşdırmalar zamanı kosmosda nəhəng çay aşkarlamışlar.
AZƏRTAC xəbər verir ki, Günəş sistemində Yerdən savayı heç bir planetdə çay, göl, yağışlar və dənizlər olmadığı indiyədək təkzibolunmaz həqiqət, aksiom sayılırdı. Lakin amerikalı alimlərin kəşfi bu təsəvvürləri alt-üst etmişdir.
Saturn planetinin təbii peyki olan Titandakı nəhəng çayda su yox, metan və etan kimi karbohidrogenlər axır. Həmin çay Afrikadakı Nil çayına bənzəyir və uzunluğu 400 kilometrdir, yəni Nil çayından 20 dəfə kiçikdir.
Titandakı dağlardan başlayan bu çay planetin şimal yarımkürəsindəki üç nəhəng dənizdən biri olan Kraken dənizinə qovuşur. Havanın orta temperaturunun -143 dərəcə olduğu Titanda həyat olub-olmadığı bəlli deyildir.
Lakin oradakı şəraitin Yerə bənzədiyi və planetin bəzi yerlərində temperaturun fərqli ola biləcəyi istisna olunmur.
“Cassini” vasitəsilə aparılmış araşdırmalara rəhbərlik etmiş astronom, Briqhem Yanq Universitetinin professoru Yani Radebonun dediyinə görə, “Cassini” Saturnun 66 təbii peykindən biri olan Enekladusda buzlaqlarla örtülmüş okean da tapılmışdır.
Radebo bildirmişdir ki, Titandakı bu çayın axdığı dəniz planetimizdəki Xəzər dənizinə bənzəyir. Həmin dənizin areal konturları da Xəzərin sanki tam eynidir. Günəş sistemində planetimizə ən çox bənzəyən səma cismi Titandır və gələcəkdə orada insanların məskən salacağına şübhə etmirəm.
İstifadə müddəti 2017-ci ildə başa çatacaq “Cassini” həmin tarixdən sonra Saturn arasındakı həlqələrdə daimi orbital koordinatda hərəkət edəcəkdir.
Titan ölçülərinə görə Günəş sistemində Qanimeddən sonra ikinci ən böyük təbii peyk sayılır. Titan Günəş sistemində yeganə səma cismidir ki, onun səthi sıx buludlar arasından çox pis görünür. Titanda ağırlıq qüvvəsi Yerdəki ağırlıq qüvvəsinin 1/7-nə bərabərdirsə, təzyiq 1,6 dəfə artıqdır.
Amerikalı alimlərin dediklərinə görə, Titanda yeraltı okean da vardır.