Kriminal xəbərlər
Bakı, 3 yanvar (AZƏRTAC). Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 2-də saat 19:20 radələrində Sabunçu qəsəbəsi Şəhər şosesində paytaxt sakini Nazim Muradovun idarə etdiyi «Nexia» və Xaçmaz rayon sakini Hüseyn Hüseynovun idarə etdiyi «BMW» markalı avtomobillər toqquşmuşdur. Zərbənin təsirindən «Nexia» yolun kənarında dayanmış «Mersedes» markalı avtomobilə dəymişdir.
«Nexia»nın sərnişini İlhamə Muradova aldığı xəsarətlərdən 3 saylı xəstəxanada ölmüşdür.
x x x
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Mərdəkan qəsəbəsi ərazisində yüksək səs qabiliyyətinə malik 154 oyuncaq partlayıcı aşkarlamışlar.
x x x
Yasamal Rayon Polis İdarəsi 29-cu polis bölməsinin əməkdaşları 480 ədəd pirotexnik vasitə aşkarlamışlar.
x x x
Yanvarın 1-də Binəqədi qəsəbəsində Ağa adlı şəxs qəsəbə sakini İlahə Nəzərovanı evlənmək məqsədilə qaçırmağa cəhd etmiş, 45 manatını və mobil telefonunu əlindən alaraq qaçmışdır.
Binəqədi Rayon Polis İdarəsi 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyunçuluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ağazadə Baxşıyev yanvarın 2-də yaxalanmışdır.
x x x
Yanvarın 1-də saat 19:30 radələrində Naximov küçəsində Rasim Şabanov şəxsi münasibət zəminində Samir Məstiyevə bıçaqla xəsarət yetirdiyinə görə Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.
x x x
Yasamal Rayon Polis İdarəsi Cinayət Axtarışı Şöbəsinin əməkdaşları Balakən rayon sakini Tural Xıpıyevdən 1 kiloqram 700 qram narkotik vasitə olan marixuana aşkar edərək götürmüşlər.