Kriminal xəbərlər
Bakı, 4 yanvar (AZƏRTAC). Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 3-də Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yerləşən qəbiristanlığın yaxınlığında Bülbülə qəsəbə sakini Dahil Şərifov qısqanclıq zəminində həyat yoldaşı Safilə Gülverdiyevanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirmişdir. Daha sonra o, Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə gələrək könüllü təslim olmuşdur.
X X X
Yanvarın 3-də saat 23:30 radələrində Şərifzadə küçəsində Ağstafa rayon sakini Rasim Tağıyev Bakı şəhər sakini Gündüz İsayevin idarə etdiyi «VAZ-2107» markalı avtomobilinə sərnişin qismində əyləşmiş, onun mobil telefonunu oğurladığı üçün Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuşdur.
X X X
Yanvarın 2-də saat 23:30 radələrində Zabrat qəsəbə sakini Gülayə İbadovanın evində kirayədə yaşayan, əvvəllər məhkum olunmuş Bəxtiyar Bayramov və Mahir Ələsgərov buradan kondisioner, tozsoran, 100 metr kabel və tərəvəz məhsulları oğurladıqlamış, Sabunçu Rayon Polis İidarəsi 15-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulmuşlar.
Müəyyən edilmişdir ki, onlar ötən il dekabrın 30-da Zabrat qəsəbəsində Abşeron rayon sakini Əbülfəz Hacıyevi soyaraq mobil telefonunu əlindən almışlar.
X X X
Bakı şəhər Bakı Şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsi və Nizami Rayon Polis İdarəsi narkotiklərlə mübarizə bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini Anar Mahmudovdan 106,731 qram metodon həbləri aşkar olunmuşdur.
X X X
Yanvarın 3-də saat 11 radələrində Mətbuat prospektində Seymur Mahmudov idarə etdiyi «VAZ-2107» markalı avtomobillə Akif Babayevi vurmuşdur. A.Babayev hadisə yerində ölmüşdür.
X X X
Yanvarın 2-də Mərdəkan qəsəbəsi Kolxoz küçəsində yaşayan Ağasadiq Əmirova məxsus «Azsamand» markalı avtomobil qaçırılmışdır. Avtomobili qaçıran Vahid Əbilov yanvarın 3-də Xəzər Rayon Polis İdarəsi 1-ci polis bölməsi və İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayonunda avtomobillə birlikdə saxlanılmışdır.