İQTİSADİYYAT
Kulevi neft terminalında 5 nömrəli yeni saxlama sahəsinin tikintisi başa çatmaq üzrədir
Bakı, 5 iyul, Nihad Budaqov, AZƏRTAC
SOCAR-ın Gürcüstandakı aktivi olan Kulevi neft terminalında 5 nömrəli yeni saxlama sahəsinin tikintisi başa çatmaq üzrədir.
AZƏRTAC terminalın saytına istinadla xəbər verir ki, hazırda saxlama sahəsində antikorroziya işləri görülür. Antikorroziya tədbirlərində müasir metodlardan və xüsusi boya məhsullarından istifadə olunur. Çənlərin daxili səthi ST3 (ISO:8501-1) standartına uyğun olaraq hazırlanıb. Çənlərin xarici səthlərində isə çoxörtüklü sistemdən istifadə edilir.
Layihə çərçivəsində ümumi həcmi 60 min kubmetr olan 6 saxlama çəninin tikintisi nəzərdə tutulur. Həmçinin layihəyə 26 sisternin eyni vaxtda doldurulmasına və boşaldılmasına imkan verən ikitərəfli dəmiryolu estadakası daxildir. Çənlər müxtəlif neft məhsulları üçün istifadə olunacaq. Nəticədə isə neft və neft məhsulları üzrə illik dövriyyə 1,5 milyon ton həcmində qiymətləndirilir.
Qeyd edək ki, Kulevi neft terminalı və limanı 2008-ci ilin mayında istismara verilib. Bir ay sonra limana ilk tanker yan alıb.