REGİONLAR
Kürdəmirdə bir qrup media işçisi ilə görüş olub
Kürdəmir 22 iyul, AZƏRTAC
XIX əsrin ortalarında Azərbaycanda gedən ictimai-siyasi və mədəni proseslər maarifçilik hərəkatının inkişafına, ictimai fikrin yeni ifadə vasitəsi olan mətbuatın nəşrə başlamasına şərait yaratmışdı. Görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən 1875-ci il iyulun 22-də Azərbaycan dilində işıq üzü görən “Əkinçi” qəzeti məhz milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazdırıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər iyulun 22-də Kürdəmir Rayon İcra Hakimiyyətində Milli Mətbuat Günü münasibətilə keçirilən görüşdə səsləndirilib. Bir qrup jurnalistin, ziyalının iştirak etdiyi görüşdə rayon icra hakimiyyətinin başçısı Elxan İbrahimov media nümayəndələrini təbrik edib. Vurğulayıb ki, “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları öz ətrafında birləşdirib, elm, maarif, mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı yazılar dərc edib, xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparıb, dini fanatizm və cəhalətə qarşı kəskin çıxışlar edib. Maarifçilik xüsusiyyətləri ilə seçilən bu qəzet milli mətbuatın müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlib. İcra başçısı vurğulayıb ki, ümummilli lider Heydər Əliyev demokratik inkişafı, vətəndaş cəmiyyəti quruculuğunu dövlət siyasətinin başlıca istiqaməti kimi müəyyən edərək, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələri, o cümlədən senzuranı aradan qaldırıb, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görüb.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq milli mətbuatın müstəqilliyinin dəstəklənməsi, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyət və mətbuat arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, sosial təminatının yaxşılaşdırılması və əməyinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Bütün bunların Prezident İlham Əliyevin daim diqqətində olduğu vurğulanaraq bu gün milli mətbuatımızın ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında oynadığı roldan, qlobal informasiya məkanındakı fəaliyyətindən danışılıb.
Görüşdə bir qrup mətbuat işçisinə mətbuat sahəsində səmərəli fəaliyyətinə görə və Milli Mətbuat Günü münasibətilə rayon icra hakimiyyətinin fəxri fərmanı verilib.