REGİONLAR
Kürdəmirdə fermerlərə taxılçılıqda aqrotexniki qulluq işləri mövzusunda təlim keçirilib
Bakı, 13 iyun, AZƏRTAC
Kürdəmir rayonunun Garıs-Əyribənd kəndində yerləşən və nümunə üçün yaradılmış 10 hektar taxıl sahəsində fermerlərə aqrotexniki tədbirlərin vaxtında yerinə yetirilməsi və biçin vaxtı təhlükəsizlik qaydalarına əməl olunması mövzusunda növbəti təlim keçirilib. Tədbirdə Kürdəmir Regional Təlim Mərkəzi, Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi, yerli qurumların nümayəndələri, Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri, taxılçılıqla məşğul olan fermerlər iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Kürdəmir Regional Təlim Mərkəzinin təlimçiləri tərəfindən keçirilən təlimdə fermerlərə əkin sahələrində zərərvericilərə qarşı mübarizənin aparılması və onların qarşısının vaxtında alınması istiqamətində zəruri tədbirlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, əkinlərin alaqlanma, xəstəliklərə yoluxma və zərərvericilərlə sirayətlənmə dərəcəsinin təyin edilməsi üsulları təlim iştirakçılarının diqqətinə çatdırılıb.
Sonra təlim iştirakçıları tərəfindən nümayiş məqsədilə seçilmiş 10 ha payızlıq taxıl sahəsinə baxış keçirilib. Təlimdə fermerlərə maarifləndirici bukletlər təqdim olunub, sualları cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, təlimlərin respublikanın digər rayonlarında mütəmadi keçirilməsi nəzərdə tutulur.