ELM VƏ TƏHSİL
Kürdəmirdə müəllimlərin sentyabr konfransı keçirilmişdir
Kürdəmir, 8 sentyabr (AZƏRTAC). Kürdəmirdəki Heydər Əliyev Mərkəzində rayonun təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, əziz xatirəsini ehtiramla yad etmişlər.
Konfransda 2012-2013-cü tədris ilinin yekunları və qarşıda duran vəzifələrə dair məruzə dinlənilmişdir.
Bildirilmişdir ki, ötən dərs ilində rayonda 58 ümumtəhsil məktəbi, o cümlədən 43 tam, 12 ümumi orta, 3 ibtidai məktəb fəaliyyət göstərmişdir. Son illərdə Prezident İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində respublikanın bütün bölgələrində olduğu kimi, Kürdəmir rayonunda da təhsilin inkişafı istiqamətində xeyli işlər görülmüşdür. Rayonda 6 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Hazırda isə 4 yeni təhsil ocağı – Cəyli kəndində 280, Şilyan kəndində 360, Sığırlı kəndində 640, Köhünlü kəndində isə 220 şagird yerlik yeni məktəb binaları açılışa hazırdır. Həmçinin rayonun Xınıslı və Mürtülü kənd məktəblərinin də tikintisinə başlanacaqdır.
Tədbirdə ali məktəblərə yüksək balla daxil olmuş tələbələrə və bir qrup qabaqcıl təhsil işçisinə mükafatlar verilmişdir.
Konfransda rayon müəllimləri adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.