REGİONLAR
Kürdəmirdə payızlıq əkin üçün ciddi hazırlıq işləri görülür
Kürdəmir, 29 sentyabr, AZƏRTAC
Kürdəmir rayonunda cari mövsümdə 50 min hektardan çox sahədə payızlıq əkin aparılacağı gözlənilir və bunun üçün bütün ərazilərdə ciddi hazırlıq işləri aparılır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Qorxmaz Şükürov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, gələn ilin məhsulu üçün 17 min hektar sahədə buğda, 33 min hektarda arpa, 150 hektarda yonca əkilməsi nəzərdə tutulub. Oktyabrın birinci yarısında arpa səpininə başlanacaq. Artıq hər yerdə bu mühüm kampaniyaya hazırlıq işləri başa çatmaq üzrədir. Əkin aparılacaq sahələrdə hər gün 90-dan çox şum traktoru işləyir. 21 min hektaradək sahədə şum çıxarılıb. Yüksək reproduksiyalı toxum, habelə mineral gübrələr tədarük olunub. Cari mövsümdə daha çox yerli şərait üçün əlverişli olan “Qarabağ 22”, “Qarabağ 33”, “Qarabağ 22 R2” arpa, “Bərəkətli 95”, “Murov 2” buğda sortlarından istifadə ediləcək.