DÜNYA
KXDR kosmosa uzaq məsafəli ballistik raket buraxmışdır
Tokio, 12 dekabr (AZƏRTAC). Kyodo və Yonhap agentliklərinin yaydığı məlumata əsasən, dekabrın 12-də Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən kosmosa uzaq məsafəli ballistik raket buraxılmışdır.
Hər iki agentlik hökumət orqanlarına istinadən bildirmişdir ki, raketin birinci təbəqəsinin Sarı dənizə düşdüyü güman olunur.
Raketin qırıntılarının yerli vaxtla saat 10.05 dəqiqədə Filippin yaxınlığında dənizə düşdüyü bildirilir.
Yaponiya hökumətinin yaydığı məlumatda KXDR-ə məxsus raketin Okinava prefekturasının yaxınlığından keçdiyi qeyd olunur. Onun vurulması üçün əməliyyat icra edilməmişdir. Koreya Respublikası hərbi dairələrinin bildirdiyinə görə raket yerli vaxtla saat 09.51-də, Yaponiya hərbi mənbələrinin bildirdiyinə görə isə 09.49-da buraxılmışdır.
Dekabrın 1-də KXDR tərəfindən verilmiş bəyanata əsasən dekabrın 10-dan 22-dək “Sohe” kosmodromundan elmi tədqiqat məqsədilə raket buraxılması planı beynəlxalq istimaiyyət tərəfindən kəskin etirazla qarşılanmışdı. Bir sıra ölkələr KXDR-in kosmik proqram çərçivəsində ölkənin raket arsenalını sınaqdan keçirməsindən şübhələnirlər.
2012-ci ilin aprelində “Sohe” kosmodromundan “Kvanmyonson” süni peykini daşıyan “Inha-3” raketinin buraxılışı uğursuzluqla nəticələnmişdi.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio