İQTİSADİYYAT
Laçınlı məcburi köçkünlər doğma torpaqlarına qayıdacaqlarına əmindirlər
Ağcabədi, 23 yanvar (AZƏRTAC). Laçın rayonunun Bozlu kənd icra nümayəndəliyi Bozlu və Qalaça kəndlərini əhatə edir. 1992-ci ildə Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra kənd icra nümayəndəliyinin əhalisi respublikanın 17 şəhər və rayonunda, 31 yaşayış məntəqəsində məskunlaşmışdır.
AZƏRTAC xəbər verir ki, bu faktlar Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən Laçın Rayon İcra Hakimiyyəti Bozlu kənd ərazi nümayəndəliyində keçirilən hesabat yığıncağında səsləndirilmişdir.
Kənd ərazi icra nümayəndəsi Hacif Təhməzov məruzəsində bildirmişdir ki, 2012-ci ildə məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində tədbirlər davam etdirilmiş, 980 laçınlı məcburi köçkün ailəsi, o cümlədən Bozlu kəndindən olan 14 ailə yeni inşa edilmiş qəsəbələrdə mənzillərlə təmin edilmişdir. Ötən il Bozlu kənd kitabxanası üçün otaq tikilmiş, ərazi nümayəndəliyi üzrə idarə və müəssisələrin yerləşdiyi binalarda təmir işləri aparılmışdır. Əhalinin problemlərinin yerində öyrənilməsi və həlli yollarının araşdırılması məqsədilə rayon rəhbərliyi məcburi köçkünlərlə mütəmadi görüşlər keçirmiş, dövlət tərəfindən sakinlərə vaxtlı vaxtında yemək xərci müavinəti verilmişdir.
Çıxışlarda görülən işlərlə bərabər, problemlər də sadalanmışdır. Bildirilmişdir ki, ərazi nümayəndəliyi üzrə məktəb üçün əlavə sinif otaqlarının tikilməsi, kompyuterlərlə təmin olunması, klub və kitabxanalara inventar və avadanlıq verilməsinə ehtiyac vardır.
Yığıncaq iştirakçıları işğal altında olan torpaqlarımızın Prezident İlham Əliyevin qəti və prinsipial siyasəti nəticəsində tezliklə azad ediləcəyinə və doğma yurda qayıdacaqlarına inamlarını ifadə etmişlər.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Rövşən Ağayev yığıncaqda iştirak etmişdir.