MƏDƏNİYYƏT
Lahıc görməli, gəzməli məkandır
İsmayıllı, 25 avqust (AZƏRTAC). Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naftalan şəhərindən olan 40 nəfər yuxarı sinif şagirdi 5 nəfər bələdçinin müşayiəti ilə avqustun 25-də İsmayıllı rayonunun Lahıc qəsəbəsinə gəldi.
1980-ci ildən muzey-qoruğa çevrilən bu qəsəbə İsmayıllı rayonunun qədim yaşayış məskənlərindəndir. Böyük Qafqaz sıra dağlarının Cənub yamacında, Girdiman çayının sahilində yerləşən Lahıc Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunub. Məhəllə məscidləri, su kəməri, kanalizasiya (kürəbənd), sənətkarlıq emalatxanaları və s. qəsəbənin uzaq keçmişinin zəngin tarixini özündə əks etdirməklə, insanların yaşam tərzinin, həyat səviyyəsinin əsl göstəriciləridir.
Bütün bunlar barədə Naftalandan gələn məktəblilərə ətraflı məlumatlar verilib. Özünəməxsus arxitektura üslubu ilə seçilən yaşayış evləri, küçələr, emalatxanalar, zəngin tarix-diyarşünaslıq muzeyi və digər maddi-mədəniyyət nümunələri şagirdlərdə Azərbaycanın bu diyarı barədə zəngin təəssürat yaratdı.
Naftalan şəhər 2 nömrəli tam orta məktəbinin X sinif şagirdi Bahar Paşayeva AZƏRTAC-a müsahibəsində dedi: “Vətənimiz Azərbaycanın gözəl bir guşəsi ilə tanış olduq. Doğrudan da, Lahıc görməli, gəzməli məkandır. Əsl sənətkarlar məskənidir. Səfər çərçivəsində Qəbələ, Şəki ilə də tanış olacağıq. Biz məktəblilərə bu imkanı yaratdığına görə Prezidentimiz İlham Əliyevə minnətdarıq”.
Günün ikinci yarısında naftalanlı məktəblilər Qəbələyə yola düşdülər.