ELM VƏ TƏHSİL
Latviyalı qonaqlar Azərbaycan Turizm və Menecment Universitetində
Bakı, 4 sentyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) fəaliyyətə başladığı ilk illərdən dünyanın nüfuzlu ali məktəbləri ilə profilinə uyğun istiqamətlər üzrə ikitərəfli əlaqələrin qurulub inkişaf etdirilməsinə böyük maraq göstərir.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, bunu universitetin rektoru, professor Cəfər Cəfərov Latviya Respublikasında fəaliyyət göstərən Baltik Beynəlxalq Akademiyasının nümayəndələri Marina Qunare və Ekaterina Quselnikova ilə rəhbərlik etdiyi ali təhsil ocağında keçirilən görüşdə deyib. Rektor C.Cəfərov ATMU-nun onillik tarixində təhsil və təcrübə modelinin ixtisaslı kadr hazırlığına müsbət təsiri, beynəlxalq təşkilatlarla əlaqələrin dinamik inkişafı, o cümlədən strateji məqsədləri hədəfləyən planlar barədə qonaqlara ətraflı məlumat verib.
C.Cəfərov və Latviya Baltik Beynəlxalq Akademiyasının “Turizm və otelçilik”, “Bakalavr və magistr” proqramlarının rəhbəri M.Qunare ATMU-nun tələbələrinin Latviyanın nüfuzlu otellərində təcrübə semestrinin təşkili məsələsinin də uğurla həll olunacağına inam ifadə ediblər. Bu məsələnin iki ali təhsil ocağı arasında əməkdaşlıq sahəsində bağlanacaq ikitərəfli anlaşma sənədində əksini tapacağı nəzərdə tutulur.