ELM VƏ TƏHSİL
Lənkəran rayonunun təhsil işçiləri ötən ilin yekunlarını və qarşıda duran vəzifələri müzakirə etmişlər
Lənkəran, 7 sentyabr (AZƏRTAC). Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən təhsil işçilərinin ənənəvi sentyabr konfransında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
AZƏRTAC xəbər verir ki, toplantıda hesabat məruzəsi ilə çıxış edən rayon təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova bildirmişdir ki, son 10 ildə Lənkəran rayonunda birtipli layihə əsasında 27 məktəb binası, 4 məktəb üçün əlavə korpus tikilmiş, Osman Mirzəyev adına şəhər qarışıq tipli uşaq evi, şəhər 3, 4, 5 nömrəli tam orta məktəbləri, şəhər 17 nömrəli uşaq bağçası yüksək standartlar səviyyəsində təmir edilmişdir.
Qeyd olunmuşdur ki, təkcə bu il rayonun Vilvan kəndində 640 şagird yerlik üçmərtəbəli, ucqar dağ kəndi olan Bəlitonda 220 yerlik məktəb binaları, şəhər 5 nömrəli uşaq bağçası üçün 110 yerlik yeni bina tikilmiş və yeni dərs ili ərəfəsində istifadəyə veriləcəkdir.
Bildirilmişdir ki, rayonda daha 10 məktəbin inşası üçün layihə-smeta sənədləri hazırlanmış və yaxın vaxtlarda tikinti işlərinə başlanacaqdır.
Diqqətə çatdırılmışdır ki, bu il rayon üzrə ali təhsil müəssisələrinə sənəd verən 406 məzundan 216-sı tələbə adını qazanmış və iki nəfər 600-dən yuxarı bal toplamışdır.
Konfransda çıxış edən təhsil işçiləri ötən tədris ilində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmış, mövcud problemlərlə bağlı təkliflərini bildirmişlər.
Tədbirin sonunda ötən tədris ilində fərqlənən təhsil işçilərinə və şagirdlərə fəxri fərmanlar təqdim edilmişdir.