İQTİSADİYYAT
Lənkəranda “İstehlakçı hüquqlarının qorunması: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilmişdir
Bakı, 21 oktyabr (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti oktyabrın 21-də Lənkəran şəhərində “İstehlakçı hüquqlarının qorunması: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirmişdir.
Konfransda Səhiyyə, Kənd Təsərrüfatı nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin, ictimai təşkilatların nümayəndələri və 300-ə yaxın istehlakçı iştirak etmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti rəisinin müavini Vidadi Quliyev bildirmişdir ki, yanvar-sentyabr aylarında həyata keçirilən nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 161,6 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilmişdir.
Həmin dövrdə inzibati xətaya yol vermiş sahibkarlıq subyektləri Dövlət Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 919,4 min manat cərimə edilmişdir. Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiklərinə görə təsərrüfat subyektlərinə 210,8 min manat maliyyə sanksiyası tətbiq olunmuşdur. İstehlakçılar öz hüquqlarını bilməli və onların fəal müdafiəçisi olmalıdırlar. Sahibkarlar isə istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı vəzifələrinə əməl etməlidirlər.
Digər çıxış edənlər də istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərin genişləndirilməsinin məqsədəuyğunluğunu, istehlakçıların hüquqlarının qorunması sahəsində sahibkarların üzərinə düşən vəzifələrin yerinə yetirilməsinin vacibliyini vurğulamış, istehlak bazarındakı çatışmazlıqların aradan qaldırılması üçün dövlət orqanları, sahibkarlar və istehlakçıların birgə fəaliyyətinin xüsusi əhəmiyyətini qeyd etmiş, bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması istiqamətində müxtəlif təkliflər səsləndirmişlər.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndələri “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli?”, “Mal (iş, xidmət) alarkən müqavilə bağlamağı unutmayın” mövzularında məruzələrlə çıxış etmişlər.