REGİONLAR
Lənkəranda keçirilən qəbul imtahanlarına 123 nəzarətçi-müəllim cəlb olunub
Lənkəran, 15 iyul, Bağır Əliyev, AZƏRTAC
İyulun 15-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Lənkəran şəhərində bu ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
AZƏRTAC xəbər verir ki, Lənkəran şəhər 3 və 4 nömrəli, Sütəmurdov kənd tam orta məktəblərin binasında keçirilən imtahanlarda Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarından 1370 abituriyent iştirak edib.
Qəbul imtahanlarına 11 imtahan rəhbəri və 123 nəzarətçi-müəllim cəlb olunub.
Üç saat ərzində abituriyentlər hər fəndən 25 test tapşırığı olmaqla, ümumilikdə, 125 sualı cavablandırıblar.
I ixtisas qrupunda imtahan verən məzunlar riyaziyyat, fizika və kimya fənlərindən, IV ixtisas qrupunda isə riyaziyyat, kimya və biologiya fənlərindən son 4 sual açıq tipli test tapşırıqlarını yerinə yetiriblər.
Qəbul imtahanları zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb.