REGİONLAR
Lənkəranda möhtəşəm bayraq yürüşü
Lənkəran, 9 noyabr, Bağır Əliyev, AZƏRTAC
Dövlət Bayrağı Günü ilə əlaqədar Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran Dövlət Universiteti, Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə möhtəşəm bayraq yürüşü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram yürüşünə rayon rəsmiləri, yüzlərlə tələbə, müəllim və ictimaiyyət nümayəndələri qatılıblar.
Milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanması məqsədi ilə keçirilən bayraq yürüşü şəhərin Heydər Əliyev prospektinin girəcəyindən start götürüb. Üçrəngli Azərbaycan bayraqlarının dalğalandırıldığı izdiham Dövlət Bayrağı Meydanına qədər dörd kilometrlik məsafədə yürüş edib. Yürüşboyu Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında söylədiyi “Qarabağ Azərbaycandır və nida” şüarı səsləndirilib.
İzdihamlı yürüşü vətənpərvərlik ruhunda mahnılar müşayiət edib. Bayram yürüşünün iştirakçıları dövlət bayrağımızın işğal altında olan ərazilərimizdə də dalğalanacağı günün uzaqda olmadığına və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında buna nail olunacağına inamlarını ifadə ediblər.
Bayraq yürüşü Lənkəran Dövlət Universiteti tələbələrinin ifasında musiqi proqramı ilə yekunlaşıb.