REGİONLAR
Lənkəranda yaşıl çayın yeni növləri yetişdirilir
Lənkəran, 15 avqust (AZƏRTAC). Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Lənkəran çay və sitrus bitkiləri filialında yaşıl çayın yeni, məhsuldar növləri yetişdirilir.
Filialın seleksiya şöbəsinin müdiri Fərman Quliyev AZƏRTAC-a bildirmişdir ki, ayrı-ayrı plantasiyalardan götürülmüş 260-dan çox yaşıl çay növü çilik üsulu ilə əkilərək öyrənilir və daha yaxşıları artırılaraq cənub bölgəsində çayçılıq sahəsində çalışan fermerlərə təklif olunur.
Filialın bazası Lənkəran rayonunda 4 min, Astara və Masallı rayonlarında 2 min, Lerik rayonunda isə 500 hektar ərazidə çay plantasiyaları salmağa imkan verir.
Fərman Quliyev qeyd etmişdir ki, çayçılıqda yüksək keyfiyyətli sortların yetişdirilməsində, lazımi qədər artırılmasında və fermerlərə sifariş əsasında çatdırılmasında müəyyən çətinliklər də mövcuddur. Çay bitkisinin plantaj şumunu aparmaq üçün “TS-100” traktoru tapmaqda çətinliklər vardır. Duman yaradıcı qurğuların olmaması da bir sıra problemlər yaradır.
Cənub bölgəsində salınmış çay plantasiyalarını suvarmaq məqsədilə Xanbulançay, Bəşəruçay və digər dəryaçalar inşa edilsə də, bu gün lazımi aqreqatların olmaması səbəbindən fermerlər müasir suvarma üsullarını təsərrüfatlarında tətbiq edə bilmirlər.
Fərman Quliyev çayçılıq sahəsində 4-5 ilə verilən kreditlərin fermerlər üçün əlverişli olmadığını diqqətə çatdıraq bildirmişdir ki, çayçılıq sahəsinə kreditlərin ən azı 15 ilə verilməsi məqsədəuyğundur, çünki yaşıl çay 9-10-cu ilində tam məhsul verir.
Problemlərin aradan qaldırılması üçün bu sahədə müəyyən konsepsiya hazırlanmalı, elmi-tədqiqat işi genişləndirilməli, çayçılıqda aqroservis xidməti gücləndirilməlidir.