MƏDƏNİYYƏT
Lənkəranda yeni teatr mövsümü başlanmışdır
Lənkəran, 30 sentyabr (AZƏRTAC). Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı özünün 123-cü mövsümünə başlamışdır.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən teatrın direktoru İslam Həsənov və baş rejissoru Tural Mustafayev kollektivin ötən teatr mövsümündə qazandığı uğurlardan söhbət açmış, cari mövsümdə qarşıda duran vəzifələri diqqətə çatdırmışlar.
Qeyd olunmuşdur ki, bu il iyunun 25-də Prezident İlham Əliyevin Sərəncamı ilə milli teatrımızın 140 illiyi münasibətilə Əməkdar Artist Təvəkkül Əliyev “Tərəqqi” medalına, aktyor Sücəddin Mirzəyev “Əməkdar Artist” fəxri adına layiq görülmüşlər. Teatrın aktyorları Eynəli Nuraleyev və Şahrud Mehdiyeva, rəssam Məmmədyar Cəfərov Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmuşlar.
Bildirilmişdir ki, hazırda teatrda baş rejissor Tural Mustafayevin quruluşunda Aldo Nikolainin “Dəmir sinif” pyesi tamaşaya hazırlanır.
Paralel olaraq Slovamir Mrojekin “Mühacirlər” əsəri üzərində də iş gedir. Bu tamaşaya Ukraynadan dəvət olunmuş rejissor Andrey Nepitalyuk quruluş verəcəkdir. Tamaşa UNESCO-nun xətti ilə hazırlanır və təhvil verildikdən sonra 4 ölkənin teatrlarında müxtəlif dillərdə oynanılacaqdır.
Teatr kollektiv cari mövsümdə bir neçə beynəlxalq teatr festivalında Azərbaycanı təmsil edəcəkdir.
Mərasim başa çatdıqdan sonra dramaturq Maarif Məmmədovun “Əcnəbi kürəkən” komediyası əsasında hazırlanmış yeni tamaşa sənətsevərlərə təqdim olunmuşdur.
Əməkdar Artist Adil Zeynalovun quruluş verdiyi səhnə əsərində hadisələr bizim günlərdə ucqar dağ kəndlərinin birində cərəyan edir.
Tamaşanın quruluşçu rəssamı Tələt Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovundur. Baş rolu gənc aktyor Emin Fərzullayev ifa edir. Digər rollarda Əməkdar Artist Sücəddin Mirzəyev, aparıcı aktyorlar Eynəli Nurullayev, Əlibala Əsgərov, Qızılgül Quliyeva, Miraslan Ağayev, Niftulla Əsgərov, Təranə Əzizova oynayırlar.