SİYASƏT
LƏNKƏRANDAKI HEYDƏR ƏLİYEV İDARƏÇİLİK UNİVERSİTETİNİN NÖVBƏTİ MƏŞĞƏLƏSİ ÜMUMMİLLİ LİDERİN ANIM GÜNÜNƏ HƏSR EDİLMİŞDİR
Lənkəran, 12 dekabr (AZƏRTAC). Lənkəran şəhərindəki Heydər Əliyev İdarəçilik Universitetinin növbəti məşğələsi ümummilli lideri anma gününə həsr edilmişdir.
Tədbir iştirakçıları əvvəlcə şəhərin Heydər Əliyev Xatirə Parkına gələrək böyük öndərin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Rayon İcra hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Əlimərdan Əliyev “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarıdır” mövzusunda məruzə etmişdir. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illərdə dövlət quruculuğu sahəsində qazanılmış uğurlardan ətraflı söhbət açan Ə.Əliyev bildirmişdir ki, son 40 ildə Azərbaycanda sabit dövlət quruluşunun yaranması, xalqın öz Konstitusion hüquqlarına sahib çıxması, milli mənəvi dəyərlərimizin qorunub saxlanması və onun daha da inkişaf etdirilməsi böyük öndərin dövlətçilik ənənələrimizin inkiaşf etdirilməsinin məntiqi nəticəsidir. Xalqımız əsrlər boyu qazandığı nailiyyətləri, ali keyfiyyətləri Heydər Əliyev epoxasında təkmilləşdirərək sistem halına saldı, millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını, öz dövlətini idarə etmək bacarığını bütün dünyada nümayiş etdirdi. İndi Heydər Əliyev faktoru Azərbaycan dövləti və Azərbaycan xalqı ilə birlikdə vahid tam təşkil edir və bu vəhdət böyük rəhbərimiz cismən aramızda olmasa da, öz qüdrətini və təntənəsini yaşayır.
Məşğələdə çıxış edənlər dünya şöhrətli siyasi xadim, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının xilaskar oğlu Heydər Əliyevin vətən və xalq qarşısında xidmətlərini yüksək qiymətləndirmiş, ulu öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışlar.