İQTİSADİYYAT
Lerik rayonunun daha dörd kəndinə təbii qaz verilmişdir
Bakı, 1 iyul (AZƏRTAC). “Azəriqaz” İstehsalat Birliyi tərəfindən “Аzərbаycаn Rеspublikаsı rеgiоnlаrının 2009-2013-cü illərdə sоsiаl-iqtisаdi inkişаfı Dövlət Prоqrаmı”na uyğun olaraq respublikanın qaz təchizatı sisteminin yenidən qurulması, təbii qaz almayan yaşayış məntəqələrinin “mavi yanacaq”la təchiz olunması məqsədi ilə intensiv işlər aparılır.
Lerik rayonunun qazlaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər də bu baxımdan xarakterikdir.
AZƏRTAC xəbər verir ki, rayonun Hiveri, Qosmalian, Nuravud və Zərdəbərə kəndlərinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, rayon rəhbərləri, ictimaiyyət təmsilçiləri, kənd ağsaqqalları iştirak etmişlər.
Tədbirdə bildirilmişdir ki, 33 abonenti olan Hiveri kəndinin qazlaşdırılması üçün ikipilləli sistem əsasında, ümumi uzunluğu 2 min 358 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və 2 min 928 metr müxtəlif diametrli metal borularla məhəllədaxili qaz xətləri çəkilmiş, 33 sayğac və 1 qaztənzimləyici şkaf quraşdırılmışdır. 67 abonenti olan Qosmalian kəndinin qazlaşdırılması üçün ikipilləli sistem əsasında, ümumi uzunluğu 1279 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və 5 min 788 metr müxtəlif diametrli metal borularla məhəllədaxili qaz xətləri çəkilmiş, 67 sayğac və 1 qaztənzimləyici şkaf quraşdırılmışdır. Ümumilikdə 124 abonentli olan Nuravud və Zərdəbərə kəndlərinin qazlaşdırılması üçün isə ikipilləli sistem əsasında, ümumi uzunluğu 16 min 42 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 124 ədəd sayğac və 2 ədəd qaztənzimləyici şkaf quraşdırılmışdır.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, kənd və qəsəbələrin qazlaşdırılması məqsədi ilə görülən tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirmişdir.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri kəndlərin ilk dəfə olaraq təbii qazla təmin olunmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.