CƏMİYYƏT
“Liderlik məktəbi-Nəqşicahan” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunmuşdur
Bakı, 19 avqust (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) avqustun 11-dən 18-dək Naxçıvanda həyata keçirdiyi yeddinci “Liderlik məktəbi-Nəqşicahan” layihəsi başa çatmışdır.
ATGTİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, layihə çərçivəsində ali və orta ixtisas təhsil müəssisələrinin I və II kurs tələbələri üçün sosial media, layihənin yazılması və idarə olunması, etiket və liderlik mövzuları üzrə təlimlər keçirilmişdir.
Layihə iştirakçıları Naxçıvan şəhərindəki “Nuh yurdu” və “Möminə xatun” türbələrini, Hüseyn Cavidin məqbərəsini ziyarət etmişlər. “Badamlı” mineral sular zavodunda isə tələbələr bu müalicəvi suyun istehsal prosesini izləmişlər. Eyni zamanda, gənclər Naxçıvan Dövlət Universitetinin maddi-texniki bazası ilə tanış olmuşlar.
Sonda keçirilmiş təlimlər əsasında imtahan verən və uğurlu nəticə göstərən tələbələrə xüsusi sertifikatlar təqdim olunmuşdur.