SİYASƏT
LİTVA PREZİDENTİ VALDAS ADAMKUSUN AZƏRBAYCANA İŞGÜZAR SƏFƏRİ
AZƏRTAC xəbər verir ki, noyabrın 13-də Litva Respublikasının Prezidenti Valdas Adamkus Bakıda keçiriləcək enerji sammitində iştirak etmək üçün Azərbaycana işgüzar səfərə gəlmişdir.
Hər iki ölkənin dövlət bayraqlarının asıldığı Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident Valdas Adamkusu təyyarənin pilləkəni yanında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər qarşıladılar.
Qarşılanma mərasimindən sonra hava limanının ali qonaqlar üçün salonunda Prezident Valdas Adamkus və xarici işlər naziri Elmar Məmmədyarov arasında qısa protokol söhbəti oldu.
Litva Prezidenti hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.
######