DÜNYA
Litvada ölkənin Avropa İttifaqı Şurasında sədrliyinə həsr olunan kolleksiya sikkələri buraxılmışdır
Vilnüs, 25 iyun (AZƏRTAC). Litvada ölkənin cari ilin iyulundan Avropa İttifaqı (Aİ) Şurasında sədrliyinə həsr olunmuş kolleksiya sikkələri buraxılmışdır. Bunu respublikanın Prezidenti Dalya Qribauskayte bəyan etmişdir.
Ölkə başçısı Litva Bankında sikkənin təqdimat mərasimində demişdir: “Artıq beş gündən sonra Litva Aİ Şurasının sükanı arxasında dayanacaqdır. Bu bizim üçün böyük məsuliyyət və eyni zamanda, tarixi vəzifədir”.
Prezident Dalya Qribauskayte bu tarixi anın Aİ-nin möhkəmlənməsində ölkənin töhfəsinin rəmzi olan sikkə ilə əbədiləşdirilməsindən məmnunluğunu bildirmişdir. Sikkənin buraxılması üçün xüsusi bir gün seçilmişdir: düz iyirmi il əvvəl Litva öz milli valyutasını - liti dövriyyəyə buraxmışdır.
Əlli lit dəyərində (14,5 avro) gümüş kolleksiya sikkəsi (kütləsi -28,28 qram), eləcə də mis-nikel xəlitəsindən hazırlanmış, 1 lit (0,3 avro) dəyərində kolleksiya sikkəsi tədavülə buraxılmışdır. Gümüş sikkənin tirajı 4 min, mis-nikel xəlitəsindən hazırlanmış sikkənin tirajı 100 min nüsxədir. Bu numizmatika məmulatları hədiyyələr siyahısına daxil edilmişdir və Litvanın Aİ Şurasında sədrliyi dövründə ölkədə keçirilən tədbirlərdə iştirak etmək üçün gələn rəsmi qonaqlara təqdim olunacaqdır.
Litva zərbxanasında hazırlanmış sikkələrin üzərində Avropa İttifaqının ənənəvi ulduzlarının haləsində Avropa qitəsinin konturları, eləcə də Litvanın gerbi - Vətənin müdafiəçisinin rəmzi, əlində qılınc tutmuş atlı pəhləvan təsvir olunmuşdur. Üzərində pəhləvanın təsvir edildiyi adi sikkələrdən fərli olaraq kolleksiya sikkələrində süvari Aİ-nin ulduzları ilə əhatə olunmuşdur.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs