DÜNYA
Litvada yeni hökumətin tərkibi təsdiq edilmişdir
Vilnüs, 14 dekabr (AZƏRTAC). Dekabrın 13-də Litva Seymi Vilnüsdə Algirdas Bütkyaviçyus başda olmaqla ölkənin 16-cı Nazirlər Kabinetinin proqramını böyük səs çoxluğu ilə təsdiq etmişdir.
Yeni hökumətin fəaliyyət proqramının əsasını sosial bərabərsizliyin azaldılması, vergilərin yenidən təşkil edilməsi, yəni “vergi yükünün əmək və kapital arasında müntəzəm paylanması, gəlirlərdən və əmlakdan proqressiv vergitutmanın sərtləşdirilməsi, yalnız sosial baxımdan əhəmiyyətli və məqsədli vergi güzəştləri tətbiq edilməsi” yolu ilə rifah dövləti yaratmaq kursu təşkil edir.
Birinci dərəcəli və təxirəsalınmaz vəzifələr sırasında Klaypedada mayeləşdirilmiş təbii qaz terminalı enerji layihəsinin adı çəkilmişdir. Yeni Visaqin Atom Elektrik Stansiyasının tikintisi məsələsinə dair referendumun nəticələri qiymətləndirilərkən Milli Energetika Strategiyasına yenidən baxılacaq, respublika ərazisində nüvə energetikasının inkişafı perspektivləri qiymətləndiriləcəkdir.
Yeni hökumətin baş naziri Algirdas Butkyaviçyusdur (Litva Sosial-Demokrat Partiyası, LSDP). Linas Linkyaviçyus (LSDP) xarici işlər naziri, Rimantas Şadjyus (LSDP) maliyyə naziri, Yuozas Olekas (LSDP) müdafiə naziri, Daylis Alfonsas Baranauskas (“Asayiş və ədalət”, AƏ) daxili işlər naziri, Yaroslav Neveroviç (Litva Polyaklarının Seçki Aksiyası) energetika naziri, Daynyus Pavalkis (Fəhlə Partiyası, FP) təhsil naziri, Birute Vesayte (LSDP) təsərrüfat (iqtisadiyyat) naziri, Rimantas Sinkyaviçyus (LSDP) yollar naziri, Vityanis Andryukaytis (LSDP) səhiyyə naziri, Yuozas Bernatonis (LSDP) ədliyyə naziri, Virqiliyus Yukna (FP) kənd təsərrüfatı naziri, Şarunas Birutis (FP) mədəniyyət naziri, Alqimanta Pabyadinskene (FP) əmək və sosial müdafiə naziri, Valentinas Mazuronis (AƏ) ətraf mühitin mühafizəsi naziri təyin edilmişdir.
Nigar Hüseynova
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs