SİYASƏT
Litvanın nüfuzlu qəzetində Azərbaycan səfirinin müsahibəsi dərc olunmuşdur
Vilnüs, 19 yanvar (AZƏRTAC). Litvanın nüfuzlu “Lietuvos zinios” (“Litvanın həyatı”) qəzetində Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadənin “Bakı və Vilnüsü yanvar hadisələri yaxınlaşdırmışdır” sərlövhəli müsahibəsi dərc edilmişdir.
H.Məmmədzadə müsahibədə bildirmişdir ki, ölkələrimiz arasında münasibətlər bütün istiqamətlərdə - siyasi, işgüzar və mədəniyyət sahələrində sürətlə inkişaf edir. İki ölkəni tarixi təcrübə, sıx əməkdaşlıq və səmimiyyət bir-birinə bağlayır. Səfir onu da diqqətə çatdırmışdır ki, Litva Seymi Bakıda və Litvada baş vermiş faciəli yanvar hadisələrinə həsr olunmuş tədbir keçirəcəkdir.
İkitərəfli əlaqələrin yüksələn xətt üzrə inkişafını qeyd edən H.Məmmədzadə bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev təkcə 2007-ci ildə iki dəfə Litvada olmuşdur - dövlət səfəri çərçivəsində, daha sonra isə enerji məsələləri üzrə sammitdə iştirak etmək üçün. 2007-ci və 2008-ci illərdə isə Litva Prezidenti Valdas Adamkus Azərbaycana səfərə gəlmişdir.
Həmin vaxtdan hər iki ölkə çox sıx əlaqə saxlayır. 2012-ci ildə Litvanın beş naziri Bakıda səfərdə olmuşdur. 2012-ci ilin Litvada seçkilər ili olduğunu və həmin dövrdə siyasətçilərin diqqətinin dövlətin daxili problemlərinə yönəldiyini nəzərə alsaq, əməkdaşlıq olduqca intensiv gedir.
Mədəniyyət sahəsində əlaqələrin möhkəmlənməsindən danışan diplomat qeyd etmişdir ki, 2012-ci ildə Bakıda keçirilmiş “Eurovision” mahnı müsabiqəsi zamanı Litva məhz azərbaycanlı ifaçılara ən yüksək bal vermişdir.
H.Məmmədzadə Bakıda və Litvada baş vermiş, yüzlərlə insanın həyatına son qoymuş faciəli yanvar hadisələrinə də toxunmuşdur. Qara Yanvar - ümumi tarixin əzablı, həm də xalqlarımızı və ölkələrimizi yaxınlaşdıran təcrübəsidir. Litva və Azərbaycan xalqları təcavüzə mərdliklə müqavimət göstərmiş və bugünkü azadlığımız naminə canlarını fəda etmişlər. Litvalılar və azərbaycanlılar həmin vaxt nə təcavüzdən, nə də zorakılıqdan qorxub çəkinməmiş və dünyaya göstərmişlər ki, azadlıq uğrunda mərdliklə, başlarını dik tutaraq mübarizə apara bilərlər.
Gənclər siyasətindən söz açılaraq bildirilmişdir ki, Litvada təxminən 100 azərbaycanlı gənc təhsil alır. Azərbaycan dövləti Avropa universitetlərinə (onların arasında Vilnüs və Kaunas texnologiya universitetləri də vardır) daxil olmuş gəncləri dəstəkləyir. Səfir bildirmişdir ki, 2013-cü ildə Litvada keçiriləcək gənclər üçün yay forumunda azərbaycanlı gənclər də iştirak edəcəklər. KİV nümayəndələri üçün də bu cür layihənin həyata keçirilməsi planlaşdırılır.
Litvada 50 litvalı və 20 azərbaycanlı biznes-tərəfdaşın iştirakı ilə keçirilmiş görüşdən bəhs edən H.Məmmədzadə işgüzar münasibətlərin də yaxşı inkişaf etdiyini vurğulamışdır.
Nigar Hüseynova
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs