DÜNYA
Liviya parlamenti prezident seçkilərini təxirə salmağı təklif edib
Qahirə, 11 dekabr, AZƏRTAC
Liviya Nümayəndələr Palatasının iclasında dekabrın 24-də keçirilməsi nəzərdə tutulan prezident seçkilərinin təxirə salınması təklif olunub.
AZƏRTAC xəbər verir ki, parlament üzvləri seçkilərin mart ayına qədər təxirə salınması təklifini bu ölkədə 10 ilə yaxındır davam edən münaqişənin həlli ilə izah ediblər. Liviyalı deputatların bəziləri iddia ediblər ki, seçkilərin keçiriləcəyi vaxt prezidentliyə namizəd olan və silahlı qoşun dəstələrinə malik şəxslərin təhriki ilə yeni münaqişə başlaya bilər. Parlament üzvləri, həmçinin vəziyyətin tamamilə sabitləşməsi üçün hazırkı keçici hökumətə əlavə vaxt verilməsi təklifini irəli sürüblər.
Liviya Prezident Şurasının sədr müavini Ömər Boşah jurnalistlərə müsahibəsində bildirib ki, keçmiş münaqişə tərəfləri dekabrın 24-də keçiriləcək seçkilərin nəticələrini tanımaqdan imtina edə və yeni silahlı münaqişəyə başlaya bilərlər. O əlavə edib ki, Tripolidə yerləşən Şura ölkənin şərqindəki Tobruk şəhərində qəbul edilmiş seçki qanununu da qəbul etməyib. Lakin BMT-nin Liviyadakı missiyası tərəfləri qanunu tanımağa və onun müddəalarına əməl etməyə çağırıb.
Beləliklə, Liviyada dekabrın 24-də keçirilməsi nəzərdə tutulan prezident seçkiləri sual altına düşüb. Siyasi analitiklər bu seçkiləri 2020-ci ilin oktyabrında münaqişə tərəfləri arasında əldə olunmuş atəşkəsdən sonra sülhün və sabitliyin bərqərar olmasında həlledici addım kimi qiymətləndirirlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə