MƏDƏNİYYƏT
Londonda açılan “World Travel Market” ümumdünya turizm sərgisində Azərbaycan nümayəndələri iştirak edirlər
London, 8 noyabr (AZƏRTAC). Noyabrın 8-də Böyük Britaniyanın paytaxtı Londonun “ExCeL” kompleksində dünyanın ən iri turizm sərgilərindən biri olan “World Travel Market” sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri təmsil edirlər. Azərbaycanın turizm potensialının nümayişi üçün 60 kvadratmetrlik pavilyon ayrılmışdır. Ölkəmizin mədəni və tarixi abidələri, turizm obyektləri, görməli yerləri xüsusi hazırlanmış reklam vasitələrinin köməyi ilə ziyarətçilərə təqdim olunur.
“World Travel Market” sərgisində hər il dünya turizm biznesinin aparıcı nümayəndələri iştirak edirlər. İştirakçılar arasında aviaşirkətlər, səyahət gəmilərinin sahibləri, məsləhət firmaları da vardır. Ənənəvi olaraq sərgidə dünyanın 170-dən çox ölkəsi təmsil olunur.
Sərginin direktoru Fiona Ceffri açılış mərasimində bildirmişdir ki, hazırda turizm biznesi dünya iqtisadiyyatının ən önəmli sahələrindən biridir və dünyada ÜDM-in 9 faizini təşkil edir.
Qeyd edək ki, Azərbaycan bu sərgidə 2001-ci ildən iştirak edir.
Sərgi noyabrın 10-dək davam edəcəkdir.