İQTİSADİYYAT
Lvovda “SOCAR” brendi ilə unikal yanacaqdoldurma məntəqəsi açılmışdır
Bakı, 2 aprel (AZƏRTAC). Ukraynanın qərb regionunda “SOCAR” yanacaqdoldurma məntəqələrini idarə edən “Qərbi Yanacaq Qrupu” MMC tərəfindən Lvovda sayca səkkizinci belə məntəqə istismara verilmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, şəhərin köhnə hissəsinin yaxınlığında yerləşməsi sürücülər arasında stansiyanın populyarlığını artırmışdır. “SOCAR” şəbəkəsindəki yanacaq doldurma məntəqələri (YDM) arasında ilk dəfə olaraq burada unikal yanacaqpaylama kolonkası (YPK) quraşdırılmışdır. O, eyni vaxtda dörd avtomobilə yanacaq doldurulmasına imkan verir. Brendləşdirilmiş Nanodiesel yanacağı, A 95, A 92 benzinləri bu kolonka vasitəsilə reallaşdırılır.
Qeyd olunmalıdır ki, Ukraynada “SOCAR” brendi altında fəaliyyət göstərən bütün YDM-lər “beşulduzlu otel” prinsipi ilə tikilir. Yəni burada yüksək keyfiyyətli yanacaq və xidmətlərin təklif olunması ilə yanaşı həm də müştərilərin istirahəti üçün əla şərait yaradılmışdır. Məntəqələrdə “Butamarket” firma mağazası fəaliyyət göstərir. Müştərilər həmçinin təkərlərin doldurulması, wi-fi, mobil telefonların yüklənməsi və s. xidmətlərdən pulsuz istifadə edə bilərlər.
Hazırda SOCAR Ukraynanın Kiyev, Odessa, Lvov, Nikolayevsk və Rovensk vilayətlərində 34 YDM ilə təmsil olunur. 2013-cü ildə bu ölkədə fəaliyyət göstərən “SOCAR” YDM-lərinin sayının 100-ə çatdırılması nəzərdə tutulmuşdur.