MACARISTANDA AZƏRBAYCAN GÜNLƏRİ KEÇİRİLƏCƏK
Dövlət Komitəsindən verilən məlumatda deyilir ki, məqsəd Macarıstan ictimaiyyətini Azərbaycanın qədim və zəngin mədəniyyəti ilə yaxından tanış etmək, ölkəmizlə bağlı həqiqətləri macar xalqının diqqətinə çatdırmaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri barədə onları məlumatlandırmaqdır.
Mayın 23-də Budapeştdə Macarıstan Elmlər Akademiyasının binasında “Tarix və mədəniyyət: Azərbaycan-Macarıstan” adlı elmi simpozium keçiriləcəkdir. Simpoziumda Azərbaycanın və Macarıstanın bir sıra tanınmış alimləri ölkələrimiz arasındakı münasibətlərin tarixinə dair məruzələr edəcəklər.
Ölkəmizin Macarıstandakı səfiri Həsən Həsənovun, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudovun, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Nizami Cəfərovun, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Tarixi Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü Nailə Vəlixanlının, eləcə də Macarıstanın bir çox görkəmli alimlərinin tədbirdə çıxışı və məruzələri dinləniləcəkdir.
Mayın 24-də isə Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramları təşkil olunacaqdır.