MƏDƏNİYYƏT
Madriddə Azərbaycan dövlətinin mənşəyi mövzusuna həsr olunmuş dəyirmi masa keçirilib
Madrid, 17 sentyabr, AZƏRTAC
İspaniyanın Milli Kitabxanasında Azərbaycanın sabiq xarici işlər naziri, professor Həsən Həsənovun iştirakı ilə “Azərbaycan dövlətinin mənşəyi və onun İspaniya Krallığı ilə ilk diplomatik təmasları” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə, həmçinin Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov və İspaniya Milli Kitabxanasının direktoru xanım Ana Santos Aranburu iştirak ediblər.
Tədbirdən əvvəl İspaniya Milli Kitabxanasının arxivində saxlanılan qədim Azərbaycan dövlətinin əks olunduğu xəritələr və azərbaycanlı tarixçi və diplomat Oruc bəy Bayatın müəllifi olduğu “Don Xuanın səyahət qeydləri” adlı əsərin əsl nüsxəsi ilə tanışlıq mərasimi olub.
Tədbir zamanı videokonfrans vasitəsilə iştirakçıları salamlayan Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla bildirib ki, iki ölkə arasında tədris və elm sahəsində əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Ölkəmizdə ispan dilinə maraq artmaqdadır. Qeyd edib ki, Oruc bəy Bayatın müəllifi olduğu müvafiq kitabın Azərbaycan dilinə tərcümə olunması təşəbbüsünü dəstəkləyir.
Daha sonra çıxış edən Rey Xuan Karlos Universitetinin müəllimi Rəna Qafarova Azərbaycanla İspaniya arasında ədəbiyyat sahəsində əlaqələrdən danışıb. O bildirib ki, İspaniya ilə ədəbi əlaqələrimiz XVII əsrin əvvəllərinə təsadüf edir. Oruc bəyin müəllifi olduğu əsərin əhəmiyyəti ondan ibarətdir ki, sözügedən əsər Azərbaycan müəllifinin İspaniyada çap olunmuş və ispan dilində yazılmış ilk səyahət kitabıdır.
Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov diqqətə çatdırıb ki, tədbir Azərbaycanla İspaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə təsadüf edir. “İki ölkə arasında 30 il əvvəl möhkəm təməllər əsasında qurulmuş münasibətlər bu gün bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir. Qədim Azərbaycan dövlətləri haqqında ispan dilində ilk kitabın ərsəyə gəlməsində təşəbbüsünə görə diplomat professor Həsən Həsənova öz təşəkkürümü bildirirəm. Xəritələr və bu qəbildən olan əlyazmaların elektronlaşdırılması, tədqiqatların aparılması zamanı mənbələrin əsl nüsxələri ilə tanış olmaq imkanı yaradır. Əminəm ki, bundan sonra da İspaniya Milli Kitabxanası ilə əlaqələr inkişaf edəcək və iki ölkə arasında elm sahəsində əməkdaşlığa əlavə təkan verəcək”, - deyə səfir vurğulayıb.
Sonra Həsən Həsənov “Atropatena və Albaniya dövlətlərinin yaranması” adlı məruzə ilə çıxış edib. Öz elmi tədqiqatlarında Avropa alimlərinin araşdırmalarını və Avropa kartoqraflarının xəritələrindən istifadə etdiyini söyləyən H.Həsənov qədim Atropatena və Albaniya dövlətlərinin yaranmasından söz açıb. Azərbaycanlı alim bu dövlətlərin qədim tarixə malik olduğunu və Qamir, Aşquz (Aşkenaz), Manna və Midiya kimi dövlətlərin hətta xristianların müqəddəs kitabı olan Bibliyada və Aşşur mənbələrində də adının çəkildiyini bildirib.
Qədim yunan, romalı müəllif və tarixçilərə istinad edən H.Həsənov Plutarx, Strabon, Avienanın əsərlərində xalqımızın, müasir fonetik variantda “azərbaycanlılar” mənasını verən “Atropatenes, Atropatii” adlandırıldığını qeyd edib.
Sonda Madrid Muxtar Universitetinin Tarix üzrə doktoru, eyni universitetin Mərkəzi Asiya üzrə müəllimi və İspaniya Şərqşünaslar Assosiasiyasının Baş katibi Xesus Xil Fuensantanın – “Erkən Azərbaycan dövlətləri barədə” məruzə ilə çıxış edib. O, qədim Kür-Araz mədəniyyətindən və Azərbaycanın bu mədəniyyətdəki rolundan danışaraq Azərbaycanın Şərq və Qərb arasında bir körpü olduğunu bildirib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid